DGKA-da AKTA-nın təhsil layihəsi çərçivəsində seminar keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) tərəfindən həyata keçirilən “İnformasiya təhlükəsizliyi ixtisası üzrə elmi-metodiki tədris vəsaitlərinin hazırlanması” layihəsi çərçivəsində ilk seminar və hazırlanmış tədris vəsaitlərinin təqdimatı keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları, tələbələri, AKTA-nın icraçı direktoru Rauf Cabbarov, layihə rəhbəri Təbriz Cəfərov, layihə çərçivəsində hazırlanmış tədris-metodiki vəsaitlərin müəllifləri professor Yadigar İmamverdiyev və AKTA-nın eksperti Rəşad Əliyev iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov layihənin əhəmiyyətini vurğulayaraq, informasiya təhlükəsizliyi sahəsində hazırlanan tədris vəsaitlərinin gənc mütəxəssislərin yetişməsində mühüm rol oynayacağını bildirib.
Tədbirdə AKTA tərəfindən ölkənin kibertəhlükəsizlik sahəsində elmi-texniki və kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, informasiya təhlükəsizliyi siyasətinin əhəmiyyəti və layihə haqqında geniş məlumat verilib. Layihə əsasında üç fənn (“Kriptoqrafiyanın əsasları”, “Elektronika və IoT cihazlarının təhlükəsizliyi” və “Sosial mühəndislik”) üzrə sillabusların və metodiki vəsaitlərin (mühazirələr toplusu) hazırlandığı qeyd olunub.
Daha sonra Akademiyanın "İnformasiya texnologiyaları və texniki elmlər" kafedrasının müəllimi Asif Qanbayevin də həmmüəllifi olduğu “IoT təhlükəsizliyi:Əsaslar, analiz və praktik təcrübələr” kitabı da daxil olmaqla, digər müəlliflər tərəfindən də müvafiq vəsaitlərin təqdimatı keçirilib.
19.06.2025