Baş səhifə
Xəbərlər
Akademiya
DGKA “Peşəkar Mükəmməlliyə Sadiqlik” beynəlxalq sertifikatı ilə təltif olunub
DGKA “Peşəkar Mükəmməlliyə Sadiqlik” beynəlxalq sertifikatı ilə təltif olunub
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) peşəkarlıq təhsili və təlimi sahəsində beynəlxalq səviyyədə daha bir uğura imza atıb. Akademiya Avropa Təlim Fondu (ATF) tərəfindən “Peşəkar Mükəmməlliyə Sadiqlik” beynəlxalq sertifikatı ilə təltif olunub. Bu mükafat Avropa İttifaqının dəstəyi ilə ATF tərəfindən həyata keçirilən “Peşə Mükəmməlliyinin Beynəlmiləlləşdirilməsi” (IntVE) layihəsi çərçivəsində aparılmış işlər nəticəsində təqdim edilib.
Belə ki, Akademiyanın beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov ötən ilin sentyabr ayında ATF tərəfindən elan edilən beynəlxalq müsabiqə prosesində seçilərək, cari ilin fevral ayında Sloveniyanın Nova Qoritsa şəhərində keçirilmiş “Beynəlxalq Peşəkar Mükəmməllik üzrə Qış Təlim Kampı”nda iştirak etmişdir. Təlim proqramı çərçivəsində o, “Peşəkar Mükəmməllik Mərkəzləri üçün Beynəlxalq Özünüqiymətləndirmə Aləti” (ISATCOVE – International Self-Assessment Tool for Centres of Vocational Excellence) əsasında DGKA üçün 238 kriteriyadan ibarət analitik qiymətləndirmə sorğusunu tərtib edib və onlayn qiymətləndirmə prosesini təşkil etmişdir. Bu prosesə DGKA-nın bir neçə əməkdaşından ibarət komanda da cəlb olunmuş və sorğuda fəal iştirak etmişdir.
Sloveniyada keçirilən təlimlərdən əldə olunan biliklər əsasında Elvin Məcidov tərəfindən hazırlanan DGKA-nın Mükəmməllik Mərkəzi İnkişaf Planı ATF tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir.
Bu uğurlu proses nəticəsində DGKA 2025-ci ildə “Peşəkar Mükəmməlliyə Sadiqlik” beynəlxalq sertifikatına layiq görülüb, qiymətləndirmədə iştirak edən əməkdaşlar isə ATF tərəfindən 11 fərdi sertifikat və rəqəmsal nişanla təltif olunublar.Qeyd edək ki, DGKA ATF tərəfindən sertifikatla təltif olunmuş Azərbaycandakı ilk ali təhsil müəssisəsi və dövlət qurumu, həmçinin ÜGT-nin Regional Təlim Mərkəzləri arasında bu uğura imza atan ilk qurumdur. Bu nailiyyət, Akademiyanın peşəkar mükəmməllik istiqamətində beynəlxalq standartlara uyğun inkişaf etdiyinin göstəricisidir.