Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak ediblər

Türkiyənin Balıkesir Universitetində “İnzibati hüquq və inzibati yurisdiksiya”ya dair V beynəlxalq konfrans keçirilib. “Strateji sahə olan inzibati hüquqda kənd təsərrüfatı fəaliyyətləri və ətraf mühitin qorunması” mövzusunda keçirilən 2 günlük “ISALAJ-2025” konfransında Azərbaycan da daxil olmaqla Özbəkistanın, Qazaxıstanın və digər ölkələrin ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquq və humanitar elmlər” kafedrasının müdiri Hakim Əzizov və “Gömrük işi və idarəetmə” kafedrasının müdiri Elvin Əlirzayev da iştirak ediblər.
Konfransda Balıkesir Universitetinin rektoru prof. Yücel Oğurlu açılış nitqi ilə çıxış edərək Türkiyədən və xaricdən 9 universitetin qatıldığı konfransa ev sahibliyi etməkdən qürur duyduğunu bildirib.
Konfransın açılışında Türkiyə Respublikasının Dövlət Şurasının sədri Zeki Yiğit, Balıkesir şəhərinin icra hakimi İsmayıl Ustaoğlu, müxtəlif ölkələrdən dəvət olunan professorlar, eləcə də Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev çıxış ediblər.
Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Balıkesir Universiteti arasındakı səmərəli əməkdaşlıq əlaqələrinin nəticəsi kimi ortaq təşkil edilən bu konfransda kafedra müdiri Hakim Əzizov “Kənd təsərrüfatı fəaliyyəti və ətraf mühitin qorunması: İnzibati hüquqi problemlər”, kafedra müdiri Elvin Əlirzayev isə “Ətraf mühitin qorunmasında gömrük siyasəti” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda iştirakçılara “təqdimat və təşəkkür” sertifikatları təqdim olunub.