Baş səhifə
Xəbərlər
Dövlət Gömrük Komitəsi
Gömrük Akademiyasının rəhbərliyi və tələbələri Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi və tələbələri Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər

“Əbədiyaşar şəhidlər” layihəsi çərçivəsində 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Quliyev Rəşad Rəşid oğlunun xatirəsinə həsr edilmiş "Canavarın arzusu" adlı filmin təqdimatı keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin təşkilatçılığı ilə 3 nömrəli xüsusi təhsil məktəbində baş tutan tədbirdə şəhidin ailə üzvləri, yaxınları, müxtəlif dövlət müəssisələrinin nümayəndələri və digər iştirakçılarla yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Akademiyanın bir qrup əməkdaşı və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Rəşad Quliyevin timsalında bütün şəhidlərimizə rəhmət diləyiblər.

Mərasimdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin anası Mətanət Quliyevaya Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və şəhidin ailə üzvlərinə Allahdan səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Akademiya rəisi həmin qələbədə payı olan Rəşad kimi qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib. Q. Novruzov həmçinin Akademiya tərəfindən şəhid ailələrinin və Vətən müharibəsi qazilərinin daim diqqətdə saxlanıldığını, onlara göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini xüsusilə vurğulayıb.

Daha sonra Akademiya tələbəsinin ifasında vətən qəhrəmanlarına həsr edilən şeir səsləndirilib.

Tədbirin sonunda şəhidin xatirəsinin əbədiləşdirilməsi və tanıdılması məqsədilə onun şərəfli həyat və döyüş yolundan bəhs edən "Canavarın arzusu" adlı film nümayiş olunub.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!