Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təlim keçirilib

Gömrük Akademiyasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təlim keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Psixotrop maddələr, yeni növ sintetik narkotik vasitələr, hallüsinogenlər və prekursorlar” mövzusunda təlim keçirilib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən keçirilən təlimdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı İradə Ramazanova, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Təlim iştirakçılarını salamlayan Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov gömrük əməkdaşlarına narkotik və psixotrop maddələri tanıtmaq, onların bu sahədə maarifləndirilməsi və peşə biliklərinin artırılmasını təmin etmək məqsədilə keçirilən tədbirin önəmindən bəhs edib. Narkomaniyanı müasir dövrümüzün ağrılı problemi kimi xarakterizə edən Q. Novruzov təlimin iştirakçılar üçün olduqca faydalı olacağına əminliyini vurğulayıb.

Təlimdə Tibbi Xidmət İdarəsi rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının həkim-psixiatrı İradə Ramazanova tərəfindən “Narkotik vasitələr və psixotrop maddələr: müasir dünyanın qlobal çağırışı” və “Çağdaş dövrdə psixotrop dərmanların yaratdığı problemlər” mövzularında təqdimatlar nümayiş etdirilib və auditoriyanı maraqlandıran suallar cavablandırılıb.