Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında istehsalat təcrübəsinə başlayan tələbələrlə görüş keçirilib

Gömrük Akademiyasında istehsalat təcrübəsinə başlayan tələbələrlə görüş keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının IV kurs tələbələri müxtəlif gömrük orqanları da daxil olmaqla digər dövlət və özəl qurumlarda 14 həftəlik istehsalat təcrübəsinə başlayırlar. Bu münasibətlə Akademiyanın rəis müavinin və müvafiq struktur bölmələrin əməkdaşlarının iştirakı ilə təcrübə keçəcək tələbələrlə görüş keçirilib.

Tədbirdə Akademiyanın Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova çıxış edərək istehsalat təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb. O, Akademiyadakı təhsil müddətində yüksək bilik və bacarıqlara yiyələnərək, nəzəri fənləri uğurla bitirmiş İqtisadiyyat, Hüquqşünaslıq və İnformasiya təhlükəsizliyi ixtisaslarının IV kurs tələbələrinə praktiki biliklər əldə etmələri üçün bu təcrübənin önəmli bir fürsət olduğunu qeyd edib. C.Namazova gömrük orqanlarında təcrübə zamanı tələbələrin əldə edəcəkləri biliklərin buraxılış işlərinin hazırlanmasında faydalı olacağını qeyd edərək, tələbələrə öz tövsiyələrini verib və onlara təcrübə müddətində uğurlar arzulayıb.

Tədbirin davamında tələbələrə təcrübənin mahiyyəti və qaydaları, eyni zamanda onun təşkili ilə bağlı məsələlər izah olunub. Əməkdaşlar həmçinin tələbələrə təcrübə müddətində daha fəal olmağı, gömrük işini yaxından öyrənməyi və əldə edilən biliklərdən səmərəli istifadə etməyi tövsiyə ediblər.

Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb.