Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təşkil etdiyi ilk təlimlər yekunlaşıb

Gömrük Akademiyasının Qırğız Respublikası Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün təşkil etdiyi ilk təlimlər yekunlaşıb

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin əməkdaşları üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikası Hökuməti yanında Dövlət Gömrük Xidməti arasında imzalanmış “Kadrların peşəkar hazırlığı və ixtisasının artırılması sahəsində əməkdaşlıq haqqında” Protokola əsasən təşkil edilən ilk təlimlər yekunlaşıb. “Gömrük nəzarətinin səmərəli həyata keçirilməsi üsulları” mövzusuna həsr edilən təlimlər 14-18 noyabr 2022-ci il tarixlərini əhatə edib.

Dövlət Gömrük Komitəsinin müvafiq idarələrinin əməkdaşları tərəfindən keçirilən təlimlərdə gömrük sərhəd buraxılış məntəqələrində həyata keçirilən prosedurlar və əməliyyatlar, baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid olan sənədlərin rəsmiləşdirilməsi, BYD ilkin məlumat mübadiləsi sisteminin tətbiqi ilə mal və nəqliyyat vasitələri barədə məlumatların əvvəlcədən gömrük orqanlarına təqdim edilməsi, o cümlədə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları, eləcə də digər mövzular barəsində iştirakçılara geniş məlumat veriblər.

5 gün ərzində davam edən onlayn təlimlərdə mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.