Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri şəhid gömrükçü Ülvi Hacıyevin anım mərasimində iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri şəhid gömrükçü Ülvi Hacıyevin anım mərasimində iştirak ediblər

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin doğum günü münasibətilə anım mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Dövlət Gömrük Komitəsinin Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları, tələbələri, şəhidin təhsil aldığı orta məktəbin və ali təhsil müəssisəsinin rəhbərlikləri, kollektivi, tanınmış sənətçilər, Ülvinin döyüş, iş və tələbə yoldaşları, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdən öncə iştirakçılar İkinci Şəhidlər xiyabanda Ülvi Hacıyevin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, şəhidlərimizin unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Anım tədbiri Dövlət Himnimizin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Mərasimdə çıxış edən şəhidin anası Həmidə Qurbanova övladı ilə bağlı xatirələrini bölüşərək, onunla fəxr etdiyini və Ülvi kimi qəhrəmanların sayəsində həsrətində olduğumuz torpaqlara qovuşduğumuzu bildirib.

Sonra şəhidimizin doğum günü münasibətilə keçirilən mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı tarixi Zəfərdən, qəhrəmanlarımızın keçdiyi döyüş yolundan, şəhid ailələrinə, qazilərə  və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Daha sonra şəhid gömrükçü Ülvi Hacıyevin həyat yolu barədə geniş  məlumat verilib. Onun bütün gənclər üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsi olduğu, xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağı xüsusi olaraq vurğulanıb

Bədii hissə ilə davam edən mərasimdə həmçinin Akademiyanın tələbələrinin ifasında Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndirilib.