Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük əməkdaşları Şanxay Gömrük Kollecinin təlim proqramını müvəffəqiyyətlə tamamlayıblar

Gömrük əməkdaşları Şanxay Gömrük Kollecinin təlim proqramını müvəffəqiyyətlə tamamlayıblar

Azərbaycanın gömrük xidməti orqanlarından seçilmiş əməkdaşlar Şanxay Gömrük Kollecinin təşkil etdiyi ""Smart customs” və gömrük yoxlamalarının asanlaşdırılması" (""Three Smarts" and Clearance Facilitation") mövzusunda onlayn təlimdə iştirak ediblər. Təlimlərdə iştirak Dövlət Gömrük Komitəsinin Akademiyasının Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyasının təlim qurumu və  Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Asiya-Sakit Okean ölkələri üçün Regional Təlim Mərkəzi statuslarını daşıyan Şanxay Gömrük Kolleci ilə əməkdaşlığı çərçivəsində baş tutub.

Şanxay Gömrük Kolleci tərəfindən 7 nəfər gömrük xidməti əməkdaşı üçün təşkil edilmiş təlimlər onlayn formatda – “ClassIn” platforması, ŞGK-nin “LearnIn” e-learning platforması və digər virtual resurslar vasitəsilə keçirilib. 

Təlim müddəti ərzində təlimçilər tərəfindən Çində "Smart Customs"-ın inkişafı, "Smart Customs" və qlobal dünyada ticarətin asanlaşdırılması, Çində "Smart Sərhəd" və "Bir pəncərə" sistemləri, müasir logistika və təchizat zəncirinin idarə edilməsi, ticarətin asanlaşdırılması fonunda tarif güzəşti və qaydaları, sərhədlərarası ticarətdə gömrük islahatı və s. mövzular üzrə ətraflı məlumat verilərək, qanunvericilik və praktiki məsələlərin müzakirəsi aparılıb.

Təlimdə Çində "Smart Customs" təcrübəsinin tədbir iştirakçıları ilə bölüşülməsi ilə bağlı nəzəri biliklər ilə yanaşı, praktiki biliklərin də təqdim edilməsi məqsədilə virtual  səfər təşkil edilib. 

Tədbirdə Azərbaycanda gömrük sistemində "Smart Customs" və gömrük yoxlamalarının asanlaşdırılması sahəsində cari vəziyyət, nailiyyətlər, çağırışlar, prioritetlər, ehtiyaclar kimi əsas məsələləri əhatə edən Ölkə Hesabatı Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərhəddə dövlət orqanları ilə iş şöbəsinin böyük inspektoru Tural Quliyev tərəfindən təqdim edilib. 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyası Şanxay Gömrük Kolleciilə 30 sentyabr 2021-ci il tarixində əməkdaşlıq müqaviləsi imzalamışdır. Müqavilə çərçivəsində Akademiyanın bakalavriat pilləsində təhsil alan beş tələbəsi 2021/2022-ci tədris ilində Şanxay Gömrük Kolleci tərəfindən distant formada təşkil edilən beynəlxalq mübadilə proqramında iştirak hüququ qazanmış və proqramı uğurla başa vurmuşdur. Hazırda isə Akademiyanın 3 tələbəsi mübadilə proqramı çərçivəsində Şanxay Gömrük Kollecində təhsil alır.

Davam edən ikitərəfli əməkdaşlıq tələbələr ilə yanaşı, gömrük xidməti əməkdaşlarının da bilik və bacarıqlarının inkişafı və daha da artırılması məqsədini daşıyır. Bu məqsədlə bundan sonra da Azərbaycanın gömrük xidməti orqanlarının əməkdaşları üçün Şanxay Gömrük Kolleci tərəfindən təlimlərin və seminarların həyata keçirilməsi nəzərdə tutulur.