Baş səhifə
Xəbərlər
Akademiya
“Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan konfrans keçirilib

“Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan konfrans keçirilib

Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL-un ev sahibliyi ilə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunmuş konfrans keçirilib. Yerli və əcnəbi mütəxəssisləri bir araya gətirən konfransda dövlət rəsmiləri, beynəlxalq təşkilat nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

İki gün davam edən tədbir texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin edib.

Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühitinin daha dayanaqlı xarakter almasına töhfə vermək məqsədilə baş tutan tədbirdə Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək Akademiyada mütəxəssis hazırlığı həyata keçirilən “İnformasiya təhlükəsizliyi” və “İnformasiya texnologiyaları” ixtisasları üzrə tədris prosesinin təşkilindən, Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən elektron xidmətlərdən bəhs edib. Q.Novruzov kibertəhlükəsizlik, eləcə də informasiya təhlükəsizliyi sahəsi üzrə kadr azlığına toxunaraq bu sahədə peşəkar pedaqoji heyətin çatışmazlığını da vurğulayıb.

Qlobal və regional şirkətləri, o cümlədən yerli tərəfdaşları bir araya gətirən “Kiber təhlükəsiz iqtisadiyyatlar: islahatlar, innovativ yanaşmalar və həllər” başlığı altında təşkil olunan tədbirdə 7 fərqli panel üzrə müzakirələr baş tutub.