Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər

Gömrük Akademiyasının əməkdaşları və tələbələri Vətən müharibəsi şəhidinin anım mərasimində iştirak ediblər

Martın 29-da 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Nəsirov Əfqan Ramil oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib. Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində baş tutan mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, digər Vətən müharibəsi şəhidlərinin valideynləri, yaxınları, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi, bir qrup əməkdaşı, tələbələri, dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə ilk öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra şəhid Əfqan Nəsirova həsr olunmuş video-çarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən Akademiyanın rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və şəhidin ailə üzvlərinə Allahdan səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Akademiya rəisi həmin qələbədə payı olan Əfqan kimi qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib. Qulu Novruzov həmçinin Akademiya tərəfindən şəhid ailələrinin və Vətən müharibəsi qazilərinin daim diqqətdə saxlanıldığını, onlara göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini xüsusilə vurğulayıb.

Daha sonra mərasimdə çıxış edənlər torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığından, şəhid Əfqan Nəsirovun keçdiyi şərəfli həyat və döyüş yolundan bəhs ediblər.

Tədbirin bədii hissəsində Akademiyanın tələbələri Vətən qəhrəmanlarına həsr edilən şeirlər səsləndiriblər.

Mərasimdən sonra Akademiyanın rəhbərliyi, bir qrup əməkdaşı, tələbələri şəhidin anası və yaxınları ilə birgə Sabunçu rayonu Zabrat qəsəbəsində şəhidin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad ediblər.