Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib

Gömrük Akademiyası ECAR layihəsi çərçivəsində keçirilən təlimdə iştirak edib

Bakı Mühəndislik Universitetində Erasmus+ layihəsi çərçivəsində ali təhsilin keyfiyyətinin yaxşılaşdırılması və universitet rektorlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova da iştirak edib.

 Təhsil Nazirliyinin və layihə konsorsiumunun üzvü olan ümumilikdə 16 ali təhsil müəssisəsinin nümayəndələrinin iştirakı ilə keçirilən təlimdə ali təhsil müəssisələrində keyfiyyət təminatının tələbləri, təhsil proqramlarının beynəlmiləlləşdirilməsi, beynəlxalq akkreditasiya və onun gələcək perspektivləri barədə ətraflı məlumat verilib və qeyd olunan məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Tədbirə onlayn formada qatılan Mərkəzi Oklahoma Universitetinin Transformativ Tədris və Təlimdə Mükəmməllik Mərkəzinin icraçı direktoru Jeff King “Transformativ tədris və öyrənmə” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra “Dəyişikliklərin idarə edilməsi - transformasiyalı tədris və öyrənmə” mövzusunda işini davam etdirən təlim Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA - Central and Eastern European Network of Quality Assurance Agencies in Higher Education) vitse prezidenti Olgun Çiçek tərəfindən aparılıb.

Tədbirin sonunda mövzu üzrə maraq doğuran suallar ətraflı olaraq cavablandırılıb.

Qeyd edək ki, Erasmus+ proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” kateqoriyası sahəsinə aid olan, “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı və iştirakı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilib, dekabr ayında isə təsdiqlənib qəbul edilib.