Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib

Gömrük Akademiyasında Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə geniş bayram tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşlar və tələbələr iştirak ediblər. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Akademiyanın tələbələrinin son 1 il ərzindəki fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.

Akademiyanın rəisi general-mayor Qulu Novruzov tədbirdə giriş nitqi ilə çıxış edib. O, gəncləri bayram münasibətilə öz adından, həmçinin Dövlət Gömrük Komitəsinin rəhbərliyi adından təbrik edərək onlara uğur dolu gələcək və sağlam həyat arzulayıb. Ölkəmizdə 2 Fevral - Azərbaycan Gəncləri Gününün qeyd edilməsinin, bu sahədə dövlət siyasətinin formalaşdırılmasının Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb. Q.Novruzov 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarla, rəşadətlə tarixdə silinməz iz qoyan bugünkü gənclərimizin gələcək nəsillər üçün də nümunə olacağını qeyd edib. O, işğaldan azad edilmiş torpaqlarımızda aparılan geniş quruculuq işlərində gənclərin də iştirakının mühüm önəm kəsb etdiyini vurğulayıb.

Son 10 il ərzində Gömrük Akademiyasının tələbələrinin əldə etdiyi nailiyyətlərdən söz açan Qulu Novruzov, bir neçə gün öncə tələbələrin iştirakı ilə ÜGT-nin baş katibi Kunio Mikuriya ilə keçirilən görüşdə, baş katibin Akademiyanın tələbələri haqqında səsləndirdiyi xoş fikirləri xüsusi olaraq tədbir iştirakçılarının nəzərinə çatdırıb. Çıxışının sonunda Akademiya rəisi tələbə-gənclərə vətənpərvər və milli ruhda fəaliyyət göstərmələri, bilik və bacarıqlarını hər zaman ölkəmizin inkişafı naminə səfərbər etmələri barəsində tövsiyələrini də verib.

Daha sonra tədbir bədii hissə ilə davam edib.Akademiya tələbələrinin ifa etdikləri zövq oxşayan musiqi nömrələri, şeirlər, rəqslər tədbiri daha da rəngarəng edərək, iştirakçılara xoş əhval-ruhiyyə bəxş edib.

Sonda Akademiyanın ictimai həyatında xüsusi fəallığa görə seçilən tələbələr Akademiya rəisi tərəfindən sertifikatlarla təltif olunublar. Qulu Novruzov tədbirin uğurla təşkil olunmasında zəhməti keçən hər kəsə təşəkkür edərək tədbir iştirakçıları ilə birgə xatirə şəkli çəkdirib.

 


Fayllar: