Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri şəhid gömrükçü Ülvi Hacıyevin anım mərasimində iştirak ediblər

Gömrük Akademiyasının tələbələri şəhid gömrükçü Ülvi Hacıyevin anım mərasimində iştirak ediblər

Yanvarın 30-da - gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı günündə Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan əməkdaşı Ülvi Hacıyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Anım mərasimində Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri və əməkdaşları, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri, şəhid Ülvi Hacıyevin ailə üzvləri və yaxınları, tanınmış sənətçilər, şəhidimizin döyüş və iş yoldaşları, təhsil aldığı məktəbin şagirdləri iştirak ediblər. Tədbirdən öncə Akademiyanın tələbələri şəhidin İkinci Fəxri Xiyabandakı məzarını ziyarət edərək, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturlarının rəhbərləri, tanınmış sənətçilər, şəhidin döyüş və iş yoldaşları 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən bəhs etmiş və şəhid Ülvi Hacıyevlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdə Akademiyanın Hüquqşünaslıq ixtisasının II kurs tələbəsi Ramazan Əsgərxanov da çıxış edərək torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığından söz açıb. O, şəhidlərimizin şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə örnək olacağını qeyd edərək Vətən qəhrəmanlarına həsr edilən şeir səsləndirib.

Daha sonra mərasimdə şəhidin həyatından və döyüş yolundan bəhs edən videoçarxlar nümayiş etdirilib.

Tədbirin sonunda şəhidin anası Həmidə Qurbanova çıxış edərək Ülvi ilə bağlı xatirələrini bölüşüb və təşkilatçılara ailəsi adından minnətdarlığını bildirib.


Videolar: