Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında ilk dəfə ikinci ali təhsil istiqaməti üzrə qəbul həyata keçirilib

Gömrük Akademiyasında ilk dəfə ikinci ali təhsil istiqaməti üzrə qəbul həyata keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında 2021/2022-ci tədris ili üçün təkrar ali təhsilin bakalavriat səviyyəsinə Hüquqşünaslıq və Beynəlxalq ticarət və logistika ixtisasları üzrə qəbul imtahanları keçirilmişdir.

İmtahanlar DGKA binasında 7 ayrı imtahan zalında təşkil edilmişdir. İmtahanların idarə olunmasına bir ümumi imtahan rəhbəri, 3 imtahan zalı rəhbəri, 13 imtahan zalı nəzarətçisi və bir tibb bacısı olmaqla bütövlükdə 18 DGKA əməkdaşı cəlb olunmuşdur.

Pandemiya şəraiti ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən tələblərə uyğun olaraq imtahan iştirakçılarının yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilmiş, imtahanların idarə olunmasına cəlb olunan DGKA əməkdaşları müvafiq qoruyucu vasitələrlə (tibbi maska, üz sipəri) təmin olunmuşdur. İmtahan binasına daxil olan iştirakçıların bədən hərarətləri məsafədən ölçən elektron termometrlə yoxlanılmış, zəruri dezinfeksiya vasitələrdən istifadə edilmişdir.

İmtahanın başlamasından öncə DGKA rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov imtahan zallarındakı vəziyyətlə tanış olmuş və iştirakçılara müvəffəqiyyət diləmişdir.

Bütün imtahan zallarında imtahan Akademiya tərəfindən müəyyənləşdirilən və əvvəlcədən iştirakçılara bildirilən qaydalara uyğun şəkildə keçirilmiş, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün tam şərait yaradılmışdır. İmtahanda hər hansı bir qayda pozuntusu aşkar edilməmişdir.