Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında TGT sədrinin seçkisi keçirilib

Gömrük Akademiyasında TGT sədrinin seçkisi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatına (TGT) sədr seçkisi keçirilib. Tədbir COVID-19 pandemiyası dövründə karantin rejiminin tələblərinə uyğun formada təşkil olunub.

Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Layihələrlə iş sektorunun koordinatoru Eldar Əliyev, həmçinin ATGTİ-yə üzv təşkilatlarla və tələbə klubları ilə iş sektorunun koordinatoru Toğrul Əliyev, Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri, o cümlədən TGT üzvləri iştirak ediblər.

Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov çıxış edərək, Akademiya tələbələrinin sosial-ictimai həyatda fəallıqlarının vacib olduğunu bildirib. Azərbaycanın ərazi bütövlüyünün qorunması naminə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Şanlı Azərbaycan Ordusunun qazandığı Zəfərdə Azərbaycan gəncliyinin qəhrəmanlıq səhifələri yazdığını deyib. Ölkəmizin uğurları, qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə görülən bərpa və yenidənqurma işlərinin həyata keçirilməsində gənclərin aktiv təmsil olunduğunu qeyd edib. Akademiyanın xüsusi təyinatlı ali təhsil müəssisəsi olaraq, gənclərin milli vətənpərvərlik ruhunda təlim-tərbiyəsi istiqamətində aparılan işlərə toxunub. Qulu Novruzov tələbələrin savad və biliklə yanaşı, öz milli dəyərlərinə hörmət edən, qoruyan vətəndaşlar kimi tərbiyəsinin vacibliyini vurğulayıb. Akademiyanın hər zaman öz tələbələrinin uğurlarına sevindiyini deyən Qulu Novruzov Akademiyada tələbələrin layihə və təşəbbüslərinə, həmçinin beynəlxalq platformalardakı çıxış və iştiraklara dəstək verildiyini vurğulayıb. TGT-nin tələbələr arasında səmərəli qarşılıqlı əlaqə yaradılmasında rolunu vurğulayaraq, bütün gənclərə sosial fəaliyyətdə aktiv olmalarını tövsiyə edib.

ATGTİ-nin Layihələrlə iş sektorunun koordinatoru Eldar Əliyev Akademiya rəhbərliyinə yaradılan şəraitə, tələbələrə göstərilən dəstəyə görə təşəkkür edib.

Akademiyanın TGT-nin sabiq sədri, “İqtisadiyyatixtisasının 4-cü kurs tələbəsi Orxan Yusifov sədrlik müddəti üzrə hesabatla çıxış edib.

Sonra TGT-nin sədrliyinə namizəd-tələbələrin  platformaları dinlənilib.

Tələbələr yaradılmış seçki qərargahında öz namizədlərinə səs veriblər. Müşahidəçilər tərəfindən seçki bülletenlərinin yoxlanması və sayılması başa çatdıqdan sonra nəticələr elan edilib.

      Sonda Akademiyanın yeni seçilmiş TGT-nin sədri, “Hüquqşünaslıq” ixtisası üzrə II kurs tələbəsi Fizzə İsmayılova çıxış edib. O, Akademiya tələbələrinə təşəkkür edərək etimadı doğruldacağına söz verib. 

 

İctimaiyyətlə əlaqələr şöbəsi