Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında növbəti onlayn təlimlərin qiymətləndirmə mərhələsi keçirilib

Gömrük Akademiyasında növbəti onlayn təlimlərin qiymətləndirmə mərhələsi keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxsləri üçün 30 mart 2021-ci il tarixdən 07 may 2021-ci il tarixədək onlayn formada təşkil olunmuş ixtisasartırma təlimləri başa çatıb. Onlayn təlimlərdə iştirak edən gömrük xidməti əməkdaşlarının biliklərinin qiymətləndirilməsi karantin rejiminin şərtləri gözlənilməklə Akademiyada ənənəvi formada keçirilib. Ümumilikdə, 54 gömrük xidməti əməkdaşı qiymətləndirmədə iştirak edib.

Qiymətləndirmədən öncə Akademiya rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təlim iştirakçıları ilə onlayn formatda görüşüb. Akademiya rəisi dinləyiciləri salamlayaraq bildirib ki, Akademiyada üçüncü ildir ki, fərqli məzmun və keyfiyyətdə təlimlər təşkil olunur. O, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin bilavasitə təşəbbüsü ilə gömrük xidməti əməkdaşlarının peşəkar inkişafının həyata keçirilməsi, daha mükəmməl, keyfiyyətli, bu günün tələblərinə uyğun gələn bacarıqlara sahib olan gömrük xidməti əməkdaşlarının hazırlanması istiqamətində aparılan strategiya çərçivəsində Gömrük Akademiyasında geniş fəaliyyət planının həyata keçirildiyini deyib. Akademiya rəisi qeyd edib ki, bütövlükdə gömrük xidməti əməkdaşlarının peşə hazırlığının artırılması ilə bağlı Akademiyada çoxsaylı təlim modulları, təlim məzmunları və strategiyaları mövcuddur. Gömrük xidmətinin daim inkişafda olan bir sahə olduğunu deyən Qulu Novruzov bütün dünyada gömrük xidmətinin mahiyyətinin çox böyük sürətlə dəyişilməsi zərurətini qeyd edib. O, bildirib ki, gömrük xidmətində texnologiyaların, texniki nəzarət vasitələrinin, elektron rəqəmsallaşmanın həyata keçirilməsi bu intensivliyi daha da artırmış, mahiyyətini daha da dəyişmiş olur.

Gömrük xidməti əməkdaşlarının peşəkar inkişafının, hazırlığının təkmilləşməsi baxımından bizim əsas missiyamız ondan ibarətdir ki, gömrük xidməti əməkdaşlarına bu gün lazım olan ən zəruri bacarıqları, bilikləri verək. Aparılan islahatlar, qəbul olunan yeni proqramlar, müxtəlif sənədlər, texniki sxemlər, metodikalar mütəmadi olaraq yenilənən bir normativ tənzimləyici bazadır. Gömrük xidməti əməkdaşları peşəkar olmaq istəyirlərsə, onlara tapşırılan vəzifə funksiyalarını uğurla yerinə yetirmək niyyətindədirlərsə, bu günkü gömrük xidməti əməkdaşı ömürboyu təhsil prosesinin iştirakçısı olmalıdır” – deyə Akademiya rəisi vurğulayıb.

Qulu Novruzov dinləyicilərə uğurlar arzulayaraq təlimlərdə əldə etdikləri biliklərin xidməti fəaliyyətdə onlara gərəkli olacağına ümid etdiyini bildirib.

Sonra təlim iştirakçılarının biliklərinin yekun qiymətləndirilməsi keçirilib.

Qeyd edək ki, imtahandan öncə təlim iştirakçıları Akademiyanın imtahan sisteminə daxil olmaq, sualların necə cavablandırılması və digər məsələlərlə bağlı məlumatlandırılıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi