Baş səhifə
Xəbərlər
Akademiya
BQXK Gömrük Akademiyasının kitabxanasına ianələr bağışlayıb

BQXK Gömrük Akademiyasının kitabxanasına ianələr bağışlayıb

Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi arasında qurulan əməkdaşlıq çərçivəsində nümayəndəlik Akademiyanın kitabxanasına beynəlxalq humanitar hüquq (BHH) sahəsinə aid zəngin ədəbiyyat və digər informasiya materialları ianə edib.

Nümayəndəliyin Akademiyaya bağışladığı ianələr BHH sahəsində müxtəlif mövzuları əhatə edən materiallarla zəngindir. Həmin resurslara, xüsusilə, 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və ona dair Əlavə Protokollar (08 iyun 1977-ci il), eyni zamanda, Əlavə Protokollar üzrə Şərhlər, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu, Silahlı Münaqişələrin Hüquqi Prinsipləri (Erik David), hərbi əməliyyatların aparılması üzrə beynəlxalq hüquq, BHH və BQXK haqda digər ümumi informativ kitablar və oxu materialları daxildir.

Mövcud resurslardan Akademiyada tədris olunan “İnsan hüquqları”, “Avropa İttifaqı hüququ”, “Beynəlxalq hüquq”, “Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ” kimi fənlərin oxu materialları və əlavə ədəbiyyat kimi istifadə ediləcək.

Qeyd edək ki, İnformasiya resurslarının təminatı BQXK Azərbaycan nümayəndəliyi və Akademiya arasında əməkdaşlığın qurulması üçün bu il fevralın 3-də təşkil edilmiş video-konfransda müzakirə edilən məsələlərdən biri olub. Görüşdə BQXK-nin Azərbaycan nümayəndəliyinin Gömrük Akademiyasına BHH üzrə təklif etdiyi dəstəyin müxtəlif aspektləri və Akademiyanın gömrük orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsində fəaliyyətinin səmərəsinin artırılması məqsədilə gömrük xidməti əməkdaşları üçün BHH üzrə təlimlərin və seminarların keçirilməsi məsələləri müzakirə edilib.

 

İctimaiyyətlə əlaqələr şöbəsi