Baş səhifə
Xəbərlər
Akademiya
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konfrans keçirilib

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konfrans keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında Akademiyanın Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvlərinin iştirakı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Dünya azərbaycanlıları bütöv Azərbaycan uğrunda” adlı onlayn konfrans  təşkil olunub.

Konfransı açıq elan edən Təlim və innovasiyalar üzrə rəis müavini Ramiz Hümbətov tədbir iştirakçılarına Akademiya rəisi Qulu Novruzovun salamlarını və təbriklərini çatdırıb. O, bildirib ki, konfrans TEC-in ilk tədbiridir. Ramiz Hümbətov konfransın Azərbaycan xalqı üçün çox mühüm tarixi dövrə təsadüf etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 30 ildən artıq işğalda qalan torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu deyib. Gənclərə bu tarixi günlərin şahidi olmaqla yanaşı, həm də tariximizi daha dərindən öyrənməyi, bu tarixi yaşatmağı tövsiyə edib. 2020-ci ildə dünyada, o cümlədən ölkəmizdə pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycanın Qələbə ili olduğunu qeyd edib. Rəis müavini növbəti illərdə Azərbaycanın quruculuq, bərpa və abadlıq ili olacağına əmin olduğunu bildirib. Tədrislə elmin vəhdətindən söz açan rəis müavini tələbələrin elmi fəaliyyətlə məşğul olmasının onların gələcək fəaliyyətində rolunu vurğulayıb.

Elmi işlər üzrə rəis müavini Cəmilə Namazova tədbirin məqsədindən söz açıb. Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusunun gücü ilə xalqımızın ən zəfərli tarixə imza atdığını bildirib. Rəis müavini qarşıdakı yeni quruculuq dövründə gənc nəslin, gənclərin üzərinə düşən işlərdən danışıb və məhz gənclərin bilik və bacarıqlarının xalqımızı yeni qələbələrə aparacağını deyib.

Təşkilati işlər üzrə rəis müavini Şəmsəddin Abışov 2020-ci ilin ölkəmiz üçün parlaq qələbə ili olduğunu deyib. Rəis müavini ölkəmizin müstəqillik uğrunda keçdiyi yoldan, atılan addımlardan söz açıb. I Qarabağ müharibəsinin iştirakçısı olan Şəmsəddin Abışov Azərbaycan Ordusunun 44 günlük zəfər qələbəsinə aparan tarixə nəzər salıb, Azərbaycanın tarixi qələbəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunduğunu qeyd edib.

Tədbirdə “İxtisas fənnləri” kafedrasının müdiri Elvin Əlirzayev, “Tədris-metodiki işin təşkili” şöbəsinin rəisi İslam Hüseynov konfransın əhəmiyyətini diqqətə çatdırıblar, tələbələrə elmi fəaliyyətlərində uğurlar arzulayıblar. Gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin mühüm rolunu vurğulayaraq, Azərbaycanın tarixi qələbəsində gənclərin qəhrəmanlıqlarından söz açıblar.

Sonra tələbələr mövzu üzrə təqdim etdikləri tezisləri məruzə ediblər. Konfransda, ümumilikdə, 17 tələbənin tezisi dinlənilib.

İctimaiyyətlə əlaqələr şöbəsi