Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında Həmrəylik Günü və Yeni il qeyd olunub

Gömrük Akademiyasında Həmrəylik Günü və Yeni il qeyd olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov açılış nitqi ilə çıxış edib. O, bu əlamətdar tarixin qeyd olunmasında Ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açaraq 2023-cü ilin ölkəmiz üçün uğurlu illərdən biri olduğunu qeyd edib. Q. Novruzov bu günün təsis edilməsinin tarixindən, dünya azərbaycanlılarının birlik və həmrəyliyindən bəhs edərək məhz 44 günlük Vətən müharibəsində də Zəfər qazanmış xalq olaraq həmrəylimizi dünyaya bir daha layiqincə bəyan etdiyimizi qeyd edib.

Qulu Novruzov yola saldığımız ilin Akademiyanın fəaliyyəti ilə bağlı da yaddaqalan olduğunu bildirərək, Akademiyanın il ərzindəki əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib.

Akademiya rəisi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun təbriklərini Akademiyanın kollektivinə, professor-müəllim heyətinə və tələbələrinə çatdıraraq, onlara möhkəm can sağlığı, xoş günlər və Akademiyanın tərəqqisi naminə fəaliyyətlərində yeni-yeni uğurlar arzu edib.

Daha sonra 2023-cü ildə yüksək akademik göstəricilərinə, Akademiyanın ictimai-sosial həyatında, mədəni-kütləvi tədbirlərində göstərdikləri xüsusi fəallığa görə fərqlənən tələbələr Akademiya rəisi tərəfindən fəxri fərmanlarla, eyni zamanda bu ərəfədə Akademiyada keçirilən şahmat turnirinin qalibləri isə kubok və sertifikatlarla təltif ediliblər.

Tədbir Akademiyanın tələbələrinin iştirakı ilə bədii hissə ilə yekunlaşıb.