Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələri "Dəmir yumruq" adlı intellektual müsabiqədə iştirak ediblər

Gömrük Akademiyasının tələbələri "Dəmir yumruq" adlı intellektual müsabiqədə iştirak ediblər

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə və Prezident İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında "Dəmir yumruq" adlı intellektual müsabiqə keçirilib.

Üç mərhələdən ibarət müsabiqəyə digər ali təhsil müəssisələrinin hüquqşünaslıq ixtisasının tələbələrindən ibarət komandaları ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası da qatılıb.

Müsabiqənin məqsədi konstitusiya hüququ, cinayət hüququ, habelə mülki hüquq sahəsində tələbələrin bilik və bacarıqlarının müəyyən edilməsi, o cümlədən inkişafına xidmət etməkdir.

Tədbirdə Kollegiyanın rəhbərliyi, Vəkillər Kollegiyasının Akademiyasının nümayəndələri, eyni zamanda müsabiqədə iştirak edən universitetlərin qruplar üzrə təyin olunmuş rəhbərləri və 45 tələbə iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Müsabiqədə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq, onlara uğurlar arzulayıb, Anar Bağırov 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hər kəsi təbrik edərək ölkəmizdə hüquq sahəsində təşkil edilən yarışların əhəmiyyətindən bəhs edib.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev, "Kəngərli və partnyorları" Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli müsabiqənin reqlamenti və qaydalarını izah edərək iştirakçılara uğurlar arzulayıb.

Rəsmi hissədən sonra 9 komanda arasında keçirilən müsabiqəyə start verilib.

Qeyd edək ki, müsabiqənin ikinci mərhələsi dekabrın 16-da, final yarışı isə dekabrın 23-də təşkil ediləcək.