Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidinin anım günündə iştirak ediblər

Vətən Müharibəsi Qəhrəmanı şəhid Mansurov Elçin Elşad oğlunun anım günü qeyd olunub. Anım günü münasibətilə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyi və bir qrup əməkdaşı şəhidin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoyub, ruhuna dualar oxuyub, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşən şəhid Elçin Mansurovun anası Məleykə xanıma və yaxınlarına dərin hüznlə başsağlığı verərək səbir diləyib, Elçinin timsalında canından keçən bütün Vətən şəhidlərinin hər zaman Azərbaycan tarixinin qəhrəmanları olaraq xatirələrdə yaşayacaqlarını bildirib.

Ziyarət əsnasında həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan digər qəhrəman oğullarımızın da əziz xatirələri məzarları önündə yad edilib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!