Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər

Gömrük Akademiyasının rəhbərliyi və əməkdaşları Vətən müharibəsi şəhidinin xatirəsinə həsr edilmiş tədbirdə iştirak ediblər

44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Quliyev Rəşad Rəşid oğlunun doğum günü münasibətilə anım mərasimi keçirilib. Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən tədbirdə şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, müxtəlif dövlət müəssisələrinin nümayəndələri və digər iştirakçılarla yanaşı, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov və Akademiyanın bir qrup əməkdaşı iştirak ediblər.

Mərasimdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin anası Mətanət Quliyevaya Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və şəhidin ailə üzvlərinə Allahdan səbir diləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açan Akademiya rəisi həmin qələbədə payı olan Rəşad kimi qəhrəman oğullarımızla bu gün hər birimizin qürur duyduğunu bildirib.

Tədbir iştirakçıları da çıxış edərək tarixi qələbənin qazanılmasında şücaət və qəhrəmanlıq göstərərək canından keçən Rəşad Quliyevin timsalında bütün şəhidlərimizə rəhmət diləyiblər.

Tədbirdə həmçinin vətən qəhrəmanlarına həsr edilən şeirlər, musiqi kompozisiyaları səsləndirilib.

Allah rəhmət eləsin!

Şəhidlər ölməz, Vətən bölünməz!