Gömrük Akademiyasında Anım günü ilə bağlı tədbir keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 27 sentyabr - Anım Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Sabunçu rayonu 255, 187, 128 nömrəli orta məktəblərin direktorları, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və respublikanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 6 il əvvəl – 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına yol açan tarixi Zəfərlə başa çatdığını bildirib. O, 44 günlük müharibənin xalqımızın milli iradəsini, ordumuzun döyüş əzmini və dövlətimizin gücünü nümayiş etdirdiyini qeyd edib. Akademiya rəisi Zəfərin Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayaraq, şəhidlərin qəhrəmanlığının və Vətənə sədaqətinin gələcək nəsillər üçün örnək olduğunu bildirib.
Daha sonra Vətən müharibəsi şəhidi Həsənağa Abdullazadənin atası Şakir Abdullayev, şəhid polkovnik Rəşad Quliyevin anası Mətanət Quliyeva, Birinci Qarabağ müharibəsi şəhidi Veysəl Qasımovun həyat yoldaşı Mərziyyə Qasımova, 23 il Azərbaycan Silahlı Qüvvələrində kəşfiyyat ixtisası üzrə xidmət etmiş, Ağdamın azad olunması barədə Azərbaycan Respublikasının Prezidentinə məruzə etmiş Vətən müharibəsi iştirakçısı Riyad Paşayev, 255 nömrəli tam orta məktəbin direktoru Mətanət Məmmədova və şəhid ailələrinin daim yanında olan, onlara dəstəyini əsirgəməyən Vəfa Rzayeva çıxış edərək igidlərimizin döyüş meydanındakı rəşadətindən, şanlı Qələbənin əhəmiyyətindən və şəhidlərin xatirəsinin yaşadılmasının vacibliyindən bəhs ediblər.
Tədbirdə Maştağa şəhidlərinin valideynləri adından Dövlət Gömrük Komitəsinin Akademiyasının rəhbərliyinə təşəkkürnamə təqdim olunub.
Tədbir Akademiyanın tələbələrinin təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş bədii kompozisiya ilə başa çatıb.




















