Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-da “Bilik günü” qeyd olunub

DGKA-da “Bilik günü” qeyd olunub

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov yeni tədris ili münasibətilə professor-müəllim və tələbə heyətini, valideynləri təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirən Komitə sədri ölkədə həyata keçirilən inkişaf strategiyasında prioritet sahələrdən biri olan bu sahəyə göstərilən diqqət və qayğını xüsusi olaraq vurğulayıb. Həmçinin tələbələrə elmi biliklərə yiyələnmək, təhsildə yüksək nəticələr göstərmək və asudə vaxtlarını səmərəli dəyərləndirməklə yanaşı, sosial təşəbbüslərdə də fəal iştirak etməyi tövsiyə edib.
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb, Akademiyaya qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayının artdığını qeyd edib, tələbələrə gələcək təhsil həyatlarında müvəffəqiyyətlər arzulayıb.
Daha sonra Akademiyanın bakalavr məzunu, Stokholm Universitetinin magistr məzunu, II Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü İmamverdi Novruzlu və digər çıxış edənlər tələbələri təbrik edərək, onlara müstəqil dövlətimizin inkişafı üçün səylə çalışmağı tövsiyə ediblər.
Bununla yanaşı, qəbul zamanı yüksək bal toplayan I kurs tələbələrinə tələbə biletləri və xatirə hədiyyələri təqdim olunub.
Tədbir Akademiya tələbələrinin ifasında bədii kompozisiya ilə yekunlaşıb.
Qeyd edək ki, 2026/2027-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 140, magistratura üzrə isə 14 tələbə Akademiyada təhsil almaq hüququ qazanıb.
Tədbirdən sonra DGK sədri auditoriyalarda dərs prosesini izləyib, tədrisin təşkili və tələbələr üçün yaradılan şəraitlə tanış olub. Daha sonra magistraturaya qəbul olunan tələbələrlə görüşən sədr onları təbrik edib, gələcək təhsil həyatlarında uğurlar arzulayıb. Görüş zamanı tələbələrin təhsili və qarşıdakı elmi fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb. Komitə sədri həmçinin Akademiyanın müəllim heyəti ilə görüşərək tədrisin keyfiyyətinin daha da yüksəldilməsi və müasir təhsil yanaşmalarının tətbiqi ilə bağlı tövsiyələrini verib.