Yeni tədris ilinə dair Elmi Şuranın ilk iclası keçirilib
Yeni tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Elmi Şurasının 2026/2027-ci tədris ilinə dair ilk iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin rəisi, Elmi Şuranın üzvü Vüqar Əsgərov və Akademiyanın əməkdaşları iştirak ediblər.
Akademiyanın rəisi, Elmi Şuranın sədri, gömrük xidməti general mayoru Qulu Novruzov iştirakçıları salamlayaraq şura üzvlərini iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumatlandırıb.
Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsinə keçilib.
İclasda 2026/2027-ci tədris ili üzrə tələbə qəbulunun nəticələri, ötən tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları və Akademiyanın yeni tədris ilinə hazırlıq vəziyyəti barədə hesabatlar dinlənilib. Həmçinin magistratura səviyyəsinin “İdarəetmədə informasiya sistemləri” ixtisaslaşması üzrə yeni tədris planı təsdiqlənib və elmi işlərin təşkilinin təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, Gömrük işi və idarəetmə kafedrasının müdiri, i.ü.f.d. Elvin Əlirzayev və Nicat Kərimovun həmmüəllifi olduqları “Beynəlxalq nəqliyyat əməliyyatları” adlı yeni dərs vəsaitinin nəşri və istifadəsi məsələsi müzakirə olunub.
İclas digər cari məsələlərin nəzərdən keçirilməsi və müvafiq qərarların qəbul edilməsi ilə yekunlaşıb.











