DGKA-da “Açıq qapı günü” keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) abituriyentlər üçün “Açıq qapı günü” keçirilib. 2026/2027-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslarla bağlı məlumat almaq və Akademiya ilə tanış olmaq məqsədilə təşkil olunan görüşdə Akademiyanın əməkdaşları, tələbələri, abituriyentlər və onların valideynləri iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov Akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat verərək Dövlət Gömrük Komitəsinin rəhbərliyinin diqqət və qayğısı sayəsində burada tələbələr üçün yaradılan şəraitdən bəhs edib.
Daha sonra iştirakçılara Akademiyanın fəaliyyəti, tədris və qiymətləndirmə prosesi, nailiyyətləri, xarici ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında təqdimat nümayiş olunub.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda abituriyentlər Akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.
Məlumat üçün bildirək ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasının bakalavriat səviyyəsinə 5 ixtisas üzrə-“İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” (ingilis bölməsi), “İqtisadiyyat”, “Beynəlxaq ticarət və logistika” (Azərbaycan və ingilis bölmələri) və "Hüquqşünaslıq", magistratura səviyyəsinə isə 3 ixtisas üzrə-“Dünya iqtisadiyyatı” ixtisasının “Gömrük işi”, “Hüquqşünaslıq” ixtisasının “Beynəlxalq iqtisadi hüquq” və “İnformasiya texnologiyaları” ixtisasının “İdarəetmədə informasiya sistemləri” ixtisaslaşmaları üzrə qəbul aparılacaq.










