Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasının tələbələrinin “Məzun günü” keçirilib

Gömrük Akademiyasının tələbələrinin “Məzun günü” keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası 2025/2026-cı tədris ili üzrə “Məzun günü” keçirib. Tədbirdə Dövlət Gömrük Komitəsinin və Akademiyanın rəhbərliyi, əməkdaşları, millət vəkilləri Sevinc Fətəliyeva, Bəhruz Məhərrəmov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin İnzibati Kollegiyasının, Sabunçu Rayon İcra Hakimiyyətinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının, DGK yanında İctimai Şuranın, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ), “Coders Azerbaijan”ın, “166 Yükdaşıma və Logistika” şirkətinin rəhbər şəxsləri, şəhid valideynləri, qazilər, Akademiyanın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil sahəsindəki düşünülmüş, məqsədyönlü siyasətin gənclərin sağlam, savadlı və ixtisaslı kadrlar kimi yetişməsinə şərait yaratdığını vurğulayıb. Bildirilib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı layihələr gənc nəslin sağlam və vətənpərvər ruhda, hərtərəfli biliklərə malik kadrlar kimi yetişdirilməsində geniş imkanlar yaratdı.
Dövlət Gömrük Komitəsinin Akademiyasında müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasından, tələbələr üçün yaradılan imkanlardan məmnunluqla bəhs edilib, Akademiyanın qısa zaman kəsiyində ölkəmizin nüfuzlu ali təhsil ocaqlarından birinə çevrildiyi diqqətə çatdırılıb.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Gömrük Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, millət vəkilləri Sevinc Fətəliyeva, Bəhruz Məhərrəmov, Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkədə təhsilə göstərilən dövlət qayğısından danışaraq Akademiyada yaradılan müasir tədris mühiti və əldə olunan yüksək nəticələrin bu siyasətin uğurlu göstəricisi olduğunu vurğulayıb, məzunlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Tədbirdə şəhid Milli Qəhrəman Mehrab Niftəliyevin anası Xalidə Niftəliyeva çıxış edərək məzunları təbrik edib, onlara ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş ölkəmizin inkişafı istiqamətində əzmlə çalışmağı arzulayıb.
Akademiya məzunu İman Mikayılovun valideyni Firəngiz Şahbazova məzunları təbrik edərək valideynlər adından Dövlət Gömrük Komitəsi və Akademiya rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
Akademiya birincisi, məzun Ləman Əlicanova isə çıxışında təhsil müddətində qazandığı bilik və təcrübəyə görə Akademiya rəhbərliyinə və müəllimlərə minnətdarlığını bildirib, məzun yoldaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib.
Daha sonra Akademiya və ixtisas birincilərinə yüksək akademik göstəricilərinə görə təltiflər, həmçinin məzun vərəqələri təqdim edilib.
Sonda Akademiya tələbələrinin ifasında bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə Akademiyanı bakalavriat səviyyəsi üzrə 134, magistratura üzrə 8 nəfər bitirib.