Baş səhifə
Xəbərlər
Akademiya
DGKA və BMU-nun təşkilatçılığı ilə növbəti beynəlxalq elmi konfrans keçirilib
DGKA və BMU-nun təşkilatçılığı ilə növbəti beynəlxalq elmi konfrans keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların X Beynəlxalq Elmi Konfransı keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub, Dövlət Himni səsləndirilib.
BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov konfransın gənc tədqiqatçılar üçün əhəmiyyətini vurğulayaraq bildirib ki, builki tədbirə müxtəlif ölkələrdən 520-dən çox məqalə təqdim olunub.
DGKA-nın elmi işlər üzrə rəis müavini, professor Cəmilə Namazova çıxışında elm və təhsildə innovativ texnologiyaların rolundan bəhs edib.
Qazaxıstan Respublikasının Turan Universitetinin professoru, iqtisad elmləri doktoru Serik Sansızbayev isə konfransın elmi əməkdaşlıq baxımından önəmini qeyd edib.
Daha sonra konfransın plenar iclası başlayıb. İclasda BMU-nun Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayevanın “XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakı multikultural memarlıq nümunəsi kimi”, Dövlət Gömrük Komitəsi Akademiyasının İnformasiya texnologiyaları və texniki elmlər kafedrasının dosenti Asif Qanbayevin “Süni intellekt texnologiyalarının gömrük fəaliyyətində tətbiqi” adlı məruzələri dinlənilib.
Ümumilikdə 25-dən artıq elmi istiqaməti əhatə edən ikigünlük konfrans öz işini bölmə iclasları ilə davam etdirib.



















