Qalib tələbələrlə görüş keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) müxtəlif respublika və beynəlxalq müsabiqələrdə uğur qazanan tələbələrlə görüş keçirilib.
Xəbər verdiyimiz kimi, DGKA tələbələri son aylarda hüquq və dil bilikləri üzrə keçirilən nüfuzlu yarışlarda mühüm nailiyyətlər əldə ediblər. Belə ki, Akademiyanın komandası Azərbaycanda hüquq təhsili verən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin qalibi olub. Bununla yanaşı, tələbələrimiz hüquq təhsili verən ali təhsil müəssisələri arasında təşkil olunan bilik yarışında və III Respublika Hüquq Olimpiadasında yüksək nəticə göstərərək II yerə layiq görülüblər. Eyni zamanda Akademiyanın digər bir tələbəsi isə Beynəlxalq Gumilyov onlayn İngilis Dili Olimpiadasında 270 iştirakçı arasında II yerə sahib olub.
Görüşdə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov tələbələri əldə etdikləri uğurlar münasibətilə təbrik edərək onların Akademiyanın adını layiqincə təmsil etdiklərini bildirib. Q. Novruzov tələbələrin bilik və bacarıqlarının, eləcə də yarışlarda nümayiş etdirdikləri əzmkarlığın yüksək qiymətləndirildiyini vurğulayıb. O, DGKA tələbələrinin gələcəkdə də müxtəlif müsabiqələrdə uğurlu nəticələr əldə edərək ölkəmizin hüquq və təhsil sahəsinin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.
Daha sonra müsabiqələrdə fərqlənən tələbələrə sertifikatlar və hədiyyələr təqdim olunub.



















