Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın növbəti tələbəsi ingilis dili üzrə Beynəlxalq Olimpiadada uğur qazanıb

DGKA-nın növbəti tələbəsi ingilis dili üzrə Beynəlxalq Olimpiadada uğur qazanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Qazaxıstanın L.N. Gumilyov adına Milli Avrasiya Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı və Britaniya Şurasının (British Council) Astana nümayəndəliyinin dəstəyi ilə keçirilən VI Beynəlxalq Gumilyov onlayn İngilis Dili Olimpiadasında təmsil olunub.
Müsabiqənin məqsədi tələbələrin “Ağıllı öyrənmə: Təhsildə innovasiyalar” mövzusunda dil bacarıqlarını inkişaf etdirmək, ingilis dilinə motivasiyanı artırmaq və intellektual qabiliyyətlərini gücləndirmək olub. Olimpiadada təşkilatçı Avrasiya Milli Universitetinin tələbələri ilə yanaşı, digər ölkələrin ali təhsil müəssisələrindən ümumilikdə 270 tələbə iştirak edib.
2 mərhələdən ibarət olan olimpiadanın 1-ci turunda iştirakçıların dinləmə və leksik-qrammatik testlər üzrə dil bilik və bacarıqları qiymətləndirilib. Bu mərhələni uğurla tamamlayan iştirakçılar 2-ci mərhələdə mövzu üzrə təqdimatla çıxış ediblər.
DGKA-nın tədrisi ingilis dilində olan Beynəlxalq ticarət və logistika ixtisasının I kurs tələbəsi Tuqay Kərimli olimpiadada uğur qazanaraq 270 iştirakçı arasında 2-ci yerə layiq görülüb və diplomla təltif olunub.
Qeyd edək ki, tələbəmizin olimpiadada uğurlu iştirakının koordinasiyasını ingilis dili müəllimi, Akademiyanın “Hüquq və humanitar elmlər” kafedrasının dosenti Firuzə Kərimova təmin edib.