DGKA-da WUF13-lə bağlı infosessiya keçirilib
Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) dair məlumatlandırma sessiyası təşkil olunub.
Tədbirdə Akademiyanın əməkdaşı, s.ü.f.d. Şəbnəm Nuriyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin 17-22 may tarixlərində Bakı şəhərində keçiriləcək bu mötəbər qlobal tədbirin əhəmiyyətindən danışıb.
Sessiya çərçivəsində ölkəmizin dayanıqlı inkişaf və müasir urbanizasiya hədəfləri əsas götürülərək 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunduğu diqqətə çatdırılıb. Bu kontekstdə forumun yaranma tarixi, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) fəaliyyəti, qlobal mənzil təminatı problemləri və dayanıqlı şəhər inkişafı istiqamətləri barədə ətraflı təqdimat edilib. Bununla yanaşı, WUF13 proqramına daxil olan yüksək səviyyəli dialoqlar, assambleyalar, “Urban Expo” sərgisi və tərəfdaşlıq platformaları haqqında tələbələrə geniş məlumat verilib.
Tədbirin sonunda forumda iştirak imkanları, qeydiyyat prosedurları izah olunub, səsləndirilən suallar cavablandırılıb.






