Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın əməkdaşları kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlar qazanıblar

DGKA-nın əməkdaşları kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatlar qazanıblar

Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) əməkdaşları Türkiyənin “CRYPTTECH” şirkəti tərəfindən SIEM və Data Loss Prevention (DLP) sistemləri üzrə keçirilən təlim proqramını uğurla başa vuraraq kibertəhlükəsizlik sahəsində iki nominasiyada beynəlxalq dərəcəli sertifikatlara layiq görülüblər.

Akademiyanın “İnformasiya texnologiyaları və texniki elmlər” kafedrasının dosenti Asif Qanbayev, həmin kafedranın müəllimi Səfa Bakan və İKT-nin tətbiqi şöbəsinin baş mütəxəssisi Vüqar Qurbanov İstanbul və Ankara şəhərlərində təşkil olunan təlimlərdə iştirak edərək süni intellekt əsaslı müasir təhlükəsizlik sistemləri üzrə praktiki biliklər əldə ediblər. Sonda əməkdaşlarımız “Security Information and Event Management” və “Data Loss/Leak Prevention” təlimlərini müvəffəqiyyətlə bitirərək müvafiq sertifikatlarla təltif olunublar.

Təlim proqramı çərçivəsində xüsusilə süni intellekt mühərrikli platformalar vasitəsilə təhlükələrin real vaxt rejimində aşkarlanması və konfidensial məlumatların effektiv qorunması mexanizmləri üzrə praktiki vərdişlər əldə edilib.