Baş səhifə
Xəbərlər
Akademiya
DGKA-nın yaradılmasından 14 il ötür

DGKA-nın yaradılmasından 14 il ötür

Bu gün Dövlət Gömrük Komitəsinin Akademiyasının yaradılmasından 14 il ötür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamı ilə yaradılmışdır. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
Gömrük Akademiyasında hazırda bakalavr səviyyəsində 5 ixtisas - Hüquqşünaslıq, İqtisadiyyat, Beynəlxalq ticarət və logistika (tədris Azərbaycan və ingilis dillərində), İnformasiya təhlükəsizliyi və informasiya texnologiyaları (tədris ingilis dilində) ixtisasları üzrə, magistratura səviyyəsində isə Gömrük işi və Beynəlxalq iqtisadi hüquq ixtisaslaşmaları üzrə mütəxəssis hazırlanır. Eyni zamanda Hüquqşünaslıq və Beynəlxalq ticarət və logistika ixtisasları üzrə təkrar ali təhsil proqramları da həyata keçirilir.
Akademiyada, həmçinin gömrük orqanlarında xidmət edən əməkdaşların ixtisas biliklərini artırmaq, eləcə də onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə ixtisasartırma təlimləri təşkil edilir. Tədris prosesində innovativ metodlar və müasir texnologiyalar tətbiq edilir, Ümumdünya Gömrük Təşkilatının onlayn kursları, e-learning modulları və beynəlxalq sertifikat proqramlarından geniş istifadə olunur.
Dövlət Gömrük Komitəsinin Akademiyası hər zaman olduğu kimi tələbə qəbulu üzrə öz yüksək göstəricilərini qoruyub saxlayır.
Yüksək qəbul göstəricilərini qoruyub saxlayan Dövlət Gömrük Komitəsinin Akademiyası peşəkar, müasir və milli-mənəvi dəyərlərə sadiq kadrların hazırlanmasına mühüm töhfə verir.
Akademiyanın yaranmasının 14-cü ildönümü münasibətilə bütün kollektivi və tələbələri təbrik edirik!