Baş səhifə
Xəbərlər
Akademiya
Rektorlar Klubunun VI iclasında Almatı Menecment Universiteti ilə Anlaşma Memorandumu imzalanıb

Rektorlar Klubunun VI iclasında Almatı Menecment Universiteti ilə Anlaşma Memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi və Almatı Menecment Universitetinin tərəfdaşlığı ilə Bakıda keçirilmiş “Rektorlar Klubu: Mərkəzi Asiya+” təşkilatının VI Toplantısında təmsil olunub. Tədbirdə Rektorlar Klubunun üzvü, Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov da iştirak edib.  

Tədbirin açılışında ADNSU-nun rektoru Rüfət Əzizov iştirakçıları salamlayaraq əsas məruzə ilə çıxış edib.

Bir sıra ölkələrin nüfuzlu universitetlərin rəhbərlərini və beynəlxalq ekspertləri bir araya gətirən iclasda ali təhsilin qlobal çağırışlarına cavab yolları müzakirə olunub. Müzakirələrdə universitetlərin lokal kimliyinin qorunması, rəqəmsallaşma, süni intellekt və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi mövzular ön planda olub.

Tədbirin sonunda tərəfdaşlıq əlaqələrinin inkişafına yönəlmiş görüşlər və əməkdaşlıq sənədlərinin imzalanması mərasimləri keçirilib. Bu çərçivədə DGKA ilə Almatı Menecment Universiteti arasında Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Mərkəzi Asiyada biznes və menecment təhsilinin qabaqcıl müəssisələrindən biri kimi tanınan Almatı Menecment Universiteti beynəlxalq akkreditasiyaları və innovativ yanaşmaları ilə seçilir. Memorandum nəqliyyat, logistika, dayanıqlı inkişaf, innovasiya, mübadilə və birgə tədqiqatlar istiqamətində əməkdaşlığı nəzərdə tutur.

Bu addım Azərbaycan və Qazaxıstan ali təhsil müəssisələri arasında strateji tərəfdaşlığı möhkəmləndirərək regional və beynəlxalq miqyasda yeni imkanların açılmasına töhfə verəcək.