DGKA hüquq viktorinasında respublika ikincisi olub
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) tələbələrindən ibarət komanda Azərbaycanda hüquq təhsili verən 11 ali təhsil müəssisəsinin tələbələri arasında keçirilən “Azərbaycan Respublikasının Konstitusiyası və Dövlət Suverenliyi” adlı hüquq viktorinasında yüksək nəticə göstərərək II yerə layiq görülüb.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərşivəsində, prokurorluq işçilərinin peşə bayramı və prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümünə həsr edilmiş tədbirin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, konstitusiya və dövlət suverenliyi mövzularında maarifləndirilməsi, həmçinin hüquq-mühafizə orqanları ilə ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi olub.
Viktorinada komandalar iki mərhələdə biliklərini sınayıblar. Yarışın yekun nəticələrinə əsasən Dövlət Gömrük Komitəsinin Akademiyasını təmsil edən komanda əzmkarlıq və bilik nümayiş etdirərək ikinci yerə layiq görülüb.
Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunub, qalib komandalar isə xüsusi mükafatlarla qiymətləndirilib.



