DGKA tələbələri “Kiber Yay Məktəbi 2025”də iştirak ediblər
Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) "İnformasiya təhlükəsizliyi" ixtisasının I kurs tələbəsi Nəzrin Tahirzadə, II kurs tələbələri Malik Camalov və Mobil Mərdi Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025”də iştirak ediblər.
Yay məktəbinə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb.
Təlim günləri Bakı Ali Neft Məktəbində davam etdirilib. Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real ssenariyə əsaslanan kiber-yarış təşkil olunub. Təlimlər iki dildə – Azərbaycan və ingilis dilində aparılıb və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək fərqli senarilər üzərində çalışıblar.
Yay məktəbi zamanı keçirilən yan tədbirlər sırasına Kiber Təhsil Forumu, Kiber diaspora üzvlərinin master klasları daxil olub.
6 gün davam edən təlimlərin sonunda isə Bakı Ali Neft Məktəbində yay məktəbinin bağlanış mərasimi keçirilib.
Qeyd edək ki, layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə maarifləndirilməsi, beynəlxalq əməkdaşlıq və şəbəkələşmənin təşviqidir.


